Məqalələr

Azərbaycan Respublikasında Hüquqi Şəxsin Filial və Nümayəndəliklərinin Qeydiyyatı və Ləğvi Qaydaları

Filial - hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsidir. Nümayəndəlik - hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsidir. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Filial və nümayəndəliklər aşağıdakı səbəblərdən hüquqi şəxs ola bilmirlər: 1. Bütöv bir müəssisənin hissəsidir; 2. Mülki hüquq münasibətlərinin sərbəst subyektləri ola bilməzlər; 3. Birbaşa hüquqi vəzifə və öhdəliklər əldə edə və həyata keçirə bilməzlər. Filial və nümayəndəlik arasında əsas fərq Filialın nümayəndəlikdən daha çox funksiyalara malik olmasıdır. Filial hüquqi şəxsin bir çox funksiyaları ilə bərabər, həm də nümayəndəlik funksiyalarını həyata keçirir. Nümayəndəlik birbaşa gəlir gətirən fəaliyyətlə məşğul ola bilmir, lakin müqavilə imzalamaq səlahiyyətinə malik ola bilər. Hüquqi şəxsin filial və nümayəndəliklərinin yaradılması iki yolla olur: 1. Hüquqi şəxs yaradılarkən Nizamnamədə nəzərdə tutulduqda, 2. Sonradan hüquqi şəxsin Nizamnaməsində dəyişiklik etməklə. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı və ləğv edilməsi qaydaları "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanununu ilə tənzimlənir. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün ərizə ilə bərabər aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) Xarici hüquqi şəxsin təsis sənədləri; 2) Dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 3) Təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; 4) Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti; 5) Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir); 6) Nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı; 7) Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənədlər apostil olunmalı və ya leqallaşdırılmalıdır; 8) Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti; Bu halda həmin sənədlər apostil olunmalı və ya leqallaşdırılmalıdır; 9) Nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti. Bu halda həmin sənədlər apostil olunmalı və ya leqallaşdırılmalıdır; Xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: 1. Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına zidd olduqda; 2. Firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda; 3. Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar 20 gün ərzində aradan qaldırılmadıqda. Xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 1) Ləğvetmə qərarı; 2) Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən qəbul edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi; 3) Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin son vergi yoxlamasının nəticələri barədə məlumatlar; 4) Qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli və möhürü; 5) qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd; 6) hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, balans və ya vergi bəyannaməsi, son vergi yoxlamasının nəticələri barədə məlumat istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya balansının surəti; 7) qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər. 8) Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və surəti ilə birlikdə təqdim edilir. 9) Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, ərizəni aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir

ALC Chatbot ilə Söhbət

Salam! 👋
Bu gün sizə necə kömək edə bilərəm?
WhatsApp Logo