Diplomatik missiyaların fəaliyyətində ən mürəkkəb hüquqi aspektlərdən biri nümayəndəliyin yerli heyətinin (inzibati-texniki və xidmət personalı) əmək hüquqlarının təminatıdır. Bu sahədə yaranan mübahisələr beynəlxalq hüququn iki fundamental prinsipinin - dövlətin öz vətəndaşlarının sosial-hüquqi müdafiəsini təmin etmək öhdəliyi ilə xarici dövlətin suveren immunitet hüququnun kəsişməsində yerləşir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən xarici nümayəndəliklərdə çalışan yerli vətəndaşların əmək hüquqları milli qanunvericiliklə tənzimlənir. Bu norma, işəgötürən qismində çıxış edən diplomatik missiyanın işə qəbul, sosial sığorta və xitam prosedurlarında yerli qanunlara riayət etməsi öhdəliyini yaradır. Lakin bu hüquqların praktiki icrası beynəlxalq hüququn müəyyən etdiyi "diplomatik toxunulmazlıq" səddi ilə qarşılaşır.
Xarici dövlətin diplomatik korpusları tərəfindən yerli işçi ilə bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilsə belə, yerli işçinin məhkəmə qaydasında "işə bərpa" edilməsi barədə qərarların icrası ciddi hüquqi paradoks doğurur. 1961-ci il "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının 22-ci maddəsinə görə, nümayəndəliyin binaları mütləq toxunulmazdır. Bu səbəbdən, yerli məhkəmə icraçılarının səfirlik ərazisinə daxil olaraq hər hansı şəxsi məcburi qaydada işə bərpa etmək səlahiyyəti yoxdur. Belə bir müdaxilə xarici dövlətin suverenliyinə və daxili işlərinə qeyri-qanuni müdaxilə kimi qiymətləndirilir.
Bununla yanaşı, diplomatik missiyalarda çalışan yerli vətəndaşların fəaliyyəti yüksək etimad və təhlükəsizlik standartlarına əsaslanır. Beynəlxalq praktikada diplomatik korpus nümayəndələrində işçiyə qarşı yaranmış kiçik bir şübhə belə əmək münasibətlərinə xitam verilməsi üçün kifayət edən "vacib əsas" kimi qəbul edilir. Məhkəmə araşdırması zamanı "yurisdiksiya immuniteti" səbəbindən xarici diplomatların prosesə cəlb olunması və onlardan izahat tələb edilməsi mümkün deyil ki, bu da işçinin öz iddiasını sübutetmə imkanlarını məhdudlaşdıran amillərdən biridir.
Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar və Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu iyerarxiya fərdi əmək mübahisələrində bəzən keçilməz bir hüquqi labirint yaratsa da, əslində dövlətlərarası münasibətlərin fırtınalı sularında diplomatik nümayəndəlikləri kənar təzyiqlərdən qoruyan yeganə təhlükəsiz limandır. Burada fərdi maraqlar deyil, dövlətlərarası etimadın və suverenliyin ali sükutu hökm sürür.
Bəzən diplomatik toxunulmazlığın (Vyana Konvensiyalarının) keçilməz istehkamlarından bixəbər olan bir sıra hüquqşünas və vəkillərin böyük iddialarla səfirliklərə qarşı "hüquqi savaş" açması isə, kənardan baxan hər kəs üçün peşəkar bir komediya janrında çəkilmiş uğursuz səhnəni xatırladır. Onlar "yel dəyirmanları ilə döyüşən Don Kixot" inadı ilə fırtına qoparmağa çalışsalar da, yolun sonunda acı bir reallığı dərk edirlər. Beynəlxalq hüququn iyerarxiyasında bütün o "parlaq" görünən arqumentlər mütləq bir sükutun içində boğulmağa və hələ məhkəmə zalına çatmamış məğlubiyyətin soyuq nəfəsini duymağa məhkumdur. Bu mənzərə sadəcə acı bir təbəssüm doğurur, çünki sarsılmaz divarlar qarşısında qılınc oynatmağa çalısan həmin şəxslər, əslində nəticəsi lap əvvəldən bəlli olan bir tamaşanın sonuncu pərdəsində rol aldıqlarının fərqinə belə varmırlar.
Sual oluna bilər ki, haqlı və ya haqsız olaraq işdən qovulan işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etdikdə məhkəmə hansı qərarı qəbul etməlidir?
Hüququn ali məqsədi mütləq ədaləti bərpa etmək olsa da, onun real gücü çıxarılan qərarların icra qabiliyyəti ilə ölçülür. Bir hakimin, diplomatik toxunulmazlıqla qorunan bir subyektə qarşı işə bərpa etmək barədə qərar çıxarması, əslində hüquqi bir illüziya yaratmaqdan başqa bir şey deyil. AR Konstitusiyanın 151-ci maddəsi və Vyana Konvensiyasının keçilməz normaları qarşısında icrası qeyri-mümkün olan bir qərar imzalamaq, həm hakimin peşəkarlığına, həm də dövlətin məhkəmə hakimiyyətinin nüfuzuna kölgə salır.
Hakim başa düşməlidir ki, beynəlxalq hüququn yurisdiksiya səddini görməzdən gəlib 'populyar' bir qərar vermək ədalət deyil, sadəcə hüquqi nəticəsi olmayan bir kağız parçası istehsal etməkdir. Məhkəmə mühakiməsi yalnız icrası mümkün olan hüququn təntənəsi üzərində ucaldıqda öz ali mahiyyətini qazanır. Unudulmamalıdır ki, icra mexanizmindən məhrum edilmiş hər bir qərar, hüquqi təsir baxımından əslində heç vaxt doğulmamış ölü aktdır.
Qeyd : Alliance Legal Center – Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərin fəaliyyətinin hüquqi müşayiəti sahəsində ixtisaslaşmış aparıcı hüquq şirkətidir. Uzun illərdir diplomatik nümayənliklərin etibarlı tərəfdaşına çevrilən mərkəz, bu spesifik sahədə yüksək peşəkarlığı və qüsursuz reputasiyası ilə fərqlənir.
Diplomatik İmmunitet və Əmək Münasibətlərinin Hüquqi Kolliziyası
English
Русский
Türkçe
中文