BAKI, 28 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SIM idarəetməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün müəyyən edilmiş prioritet inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.
İclasda 2022-ci il üzrə gəlirlər və xərclər smetaları və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 6-da “İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan və Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya, o cümlədən rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və əlaqələndirilməsini həyata keçirəcək.
Dördüncü Sənaye İnqilabı 21-ci əsrin əvvəllərindən rəqəmsal texnologiyaların nailiyyətləri əsasında yaranıb. Bu inqilab istehsalda bulud əsaslı maşın öyrənməsi vasitəsilə kiberfiziki sistemlərin avtonom qərar qəbulunu əhatə edir. Bu, bazar araşdırması, istehsal və satışla bağlı müstəqil qərarlar qəbul edə bilən “ağıllı fabriklərin” yaranmasına imkan verir.